КЛИНИКО-ФУНКЦИОНАЛЬНЫЕ ОСОБЕННОСТИ БЛЕФАРОКОНЪЮНКТИВАЛЬНОЙ ФОРМЫ СИНДРОМА «СУХОГО ГЛАЗА»
Асланова В.А. · Azerbajdžanskij medicinskij žurnal · 2021
Məqalədə xronik blefarokonyunktiviti olan xəstələrdə buynuz qişa-konyunktival kserozunun klinik xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 2018-2020-ci illərdə akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçən və müalicə alan quru göz sindromu (QGS) ilə ağırlaşmış xronik blefarokonyunktiviti olan 32 xəstə (Meybom vəzilərinin hiposekresiyası – 18 xəstə və Meybom vəzilərinin hipersekresiyası – 14 xəstə) (8 kişi və 24 qadın) daxil edilmişdir. 6 xəstədə xronik blefarit residivverən xalazionla ağırlaşmışdır. Kontrol qrupuna QGS olmayan 12 blefaritli xəstə aid edilmişdir. Meybom vəzilərinin hiposekresiyası və hipersekresiyası olan hər iki qrup xəstələrdə quru gözün ağırlıq dərəcəsi, klinik əlamət xüsusiyyətləri öyrənilmişdir. Bütün xəstələrə vital boyalardan istifadə edilməklə biomikroskopiya, Şirmer və Norn sınaqları, kompression sınaq, eləcə də göz qapağı və konyunktiva boşluğunun florasının laborator müayinəsi aparılmışdır. Xronik blefarokonyunktiviti olan xəstələrin klinik-funksional göstəricilərinin təhlilinin nəticələrinə əsasən müəyyən olmuşdur ki, QGS belə xəstələrdə yüngül və orta ağır klinik formalarda keçməklə, Meybom vəzilərin hiposekresiyasında nisbətən kəskin təzahür edir. Xronik blefariti olan xəstələr, xüsusən də xalazionlarla ağırlaşmış Meybom vəzlərinin hiposekretor tip disfunksiyası olanlar QGS-nin inkişafına görə risk qrupunu təşkil edirlər. QGS-nin klinik gedişi residivverən xalazionların gedişini ağırlaşdırır. Xronik blefariti olan xəstələrdə “quru göz” sindromunun klinik gedişi spesifik olub, Meybom vəzilərinin sekresiyasının xarakteri, xronik blefaritin ağırlaşmaları, həmçinin xəstənin yaşı və cinsiyyəti ilə müəyyən edilir.
Cited by 0 works. Open-access PDF